Hello, and thank you for visiting my website. I am Giulbas, a seasoned freelance translator with over 5 years of rich experience in the field of language and communication. I specialize in providing high-quality translation services for the Azerbaijani, English, and Turkish languages, with a particular expertise in translating.

Arxaizmlərin Dilçilikdə rolu və onların işlənmə dairəsi

 


Aytən Rəhimova

Azərbaycan Dillər Universiteti

 

 Açar sözlər: ümumişlək sözlər, arxaizmlər, tarixizmlər, köhnəlmiş sözlər.
Keywords: common words, archaisms, historicisms, archaic words

          Hər bir xalqın mövcud olmasında, inkişafında və təşəkkül tapmasında dil mühüm rola malik olmaqla yanaşı, həm də insanlar arasında ünsiyyət vasitəsidir. Ən başlıcası, insanlar ətraf aləmi dil vasitəsilə dərk edir və qavrayır. Dilin tərkibində mövcud olan bütün sözlər onun lüğət tərkibini təşkil edir. Dünyada mövcud olan dillər bir-birindən fərqləndiyi kimi, lüğət tərkibi də bir-birindən sözlərin dildəki mövqeyinə və üslubi vəzifəsinə görə fərqlənir.

Hər hansı bir cəmiyyətdə yaşanan dəyişikliklər və tərəqqi həmin cəmiyyətin dilinə də mütləq təsir göstərir. Cəmiyyətdə baş verən bu proseslər dilin lüğət tərkibinə təsir göstərərək yeni sözlərin yaranmasına, eləcə də bəzi sözlərin lüğət tərkibindən çıxaraq köhnəlmiş sözlərə çevrilməsinə səbəb olur. Dilin lüğət tərkibində dəyişikliklərin baş verməsi bəzi şəkilçilərin dilə daxil olmasına, bəzilərinin isə sıradan çıxmasına gətirib çıxarır. Dildə istifadə olunan bəzi sözlərdə semantik daralma müşahidə olunur. Sadaladığımız bu hadisələrin hamısına dilçilikdə arxaizm deyilir. [9, s.63]

           Məhz bu səbəbdən dildəki sözlərin bəziləri demək olar ki, bütün üslublarda istifadə edildiyi halda, digərləri isə sadəcə bir üslubda istifadə edilir. İstifadə dairəsinə, cümlədəki vəzifəsinə, icra etdiyi funksiyaya əsasən ədəbi dildə mövcud olan sözlər müəyyən qruplara bölünür. Bu söz qruplarına köhnəlmiş sözləri (arxaizmlər), yeni sözləri (neologizmlər), terminləri, dialektizmləri, ümumişlək sözləri, loru sözləri, vulqar sözləri və poetik sözləri göstərə bilərik.

          Dilçilikdə mühüm yerə sahib olan söz qruplarından biri arxaizmlərdir (köhnəlmiş sözlər). Həm Azərbaycan, həm də ingilis dilində kifayət qədər köhnəlmiş söz vardır. Azərbaycan dilində uçmaq (cənnət), cələsə (iclas), əsrük (sərxoş), us (ağıl) və s., ingilis dilində isə thou (you), thee (you), canst (second person singular present of can), dost (second person singular present of do), damsel (a young unmarried woman) və s. kimi sözləri arxaizmlərə nümunə göstərə bilərik.

Öncəliklə, onu qeyd etmək lazımdır ki, köhnəlmiş sözlər arxaizmlər və tarixizmlər olmaqla iki qrupa bölünür.

Köhnəlmiş sözlərin bir qolu olan tarixizmlər ictimai, siyasi vəziyyətlə əlaqədar yaranan sözlərdir. Tarixizmlər xalqın həyat tərzinin, cəmiyyətin dəyişməsi ilə əlaqədar olaraq fəal şəkildə istifadə olunmasa da, bu sözlərdən bədii əsərlərdə olduqca geniş istifadə olunur. Məsələn, əgər yazıçı yazdığı əsərdə hər hansı tarixi dövrdə yaşamış obrazın xüsusiyyətlərini, yaxud həmin dövrün dil xüsusiyyətlərini daha gözəçarpan şəkildə vermək istədikdə tarixizmlərdən istifadə edir. Darğa, zəkat, misqal, mollaxana, xış və s. kimi sözləri tarixizmlərə misal göstərə bilərik.

Arxaizmlər isə tarixizmlərə nəzərən daha geniş bir anlayışdır və bu sözlər özlüyündə bir neçə qrupa ayrılır

·        Fonetik arxaizmlər

·        Lüğəvi arxaizmlər

·        Qrammatik arxaizmlər

          Fonetik arxaizmlər bir səs fərqi ilə fərqlənən arxaizmlərə deyilir: bu növ arxaizmlərə a˃ə, m˃b, d˃t, t˃d, y˃g səs əvəzlənmə hadisəsinin baş verdiyi arxaizmləri nümunə göstərə bilərik.

·        a˃ə səs əvəzlənməsinə əyax (ayaq), qəzan (qazan), ustə (usta), pəxlə (paxla), əlmas (almas) kimi sözləri 

·        m˃b səs əvəzlənməsinə munu (bunu), binmək (minmək), bən (mən) və s kimi sözləri

·        d˃t səs əvəzlənməsinə tuzsuz (duzsuz), taş (daş), qanat (qanad), kilit (kilid) və s kimi sözləri

·        t˃d səs əvəzlənməsinə dükəndi (tükəndi), dutub (tüstü) , qurt (qurd) və s kimi sözləri

·        y˃g səs əvəzlənməsinə igirmi (iyirmi), ögüt (öyüd), ignə (iynə), sögüd (söyüd) və s kimi sözləri nümunə göstərmək olar. [9, s.6]

Lüğəvi arxaizmlərdə isə sözün ifadə etdiyi məna ilə əlaqəli olan hadisə və ya əşya hələ də dilin lüğət tərkibində qalsa da, sözün ifadə etdiyi məna artıq köhnəlmiş hesab olunur. Lüğəvi arxaizmlərə nümunə kimi “ozan” sözünü misal göstərmək olar. Məsələn, qədim zamanlarda qopuz çalan, çalıb oxuyan şəxsə “ozan” deyilsə də, müəyyən zaman keçdikdən sonra dilin lüğət tərkibinin zənginləşməsi nəticəsində bu söz “aşıq” sözü ilə əvəz olunmuş və “ozan” sözü arxaikləşmiş sözə çevrilmişdir. [2, s.80]

Lüğəvi arxaizmlərin leksik və semantik arxaizm olmaqla iki növü vardır.

Leksik arxaizmlər dilin artıq passiv hissəsinə, arxa plana keçmiş sözlərdir. Yəni, bu cür arxaizmlərin leksik vahidlərə malik olmur. Məsələn, “əsrük”, “iraq” və s. kimi sözləri artıq unudulmuş və unudulmaqda olan leksik arxaizmlərə misal göstərmək olar. [3, s.251]

Semantik arxaizmlər isə öz formasını saxlayan, lakin mənası artıq köhnəlmiş sözlərə deyilir. Semantik arxaizmə “qılmaq” sözünün nümunə göstərmək olar.

“Qılmaq” sözü “etmək” mənasında həm türk dilli əsərlərdə, həm də Azərbaycan dilinin Xətaidən həm əvvəlki, həm də sonrakı dövrlərində geniş yayılmışdır.

“Qılmaq” feli hal-hazırdakı dövrdə mürəkkəb fel tərkibində işlənir. Məsələn, çarə qılmaq-çarə etmək, təhər qılmaq-çarə etmək və s.

Müasir Azərbaycan ədəbi dilində bu söz indi də ərəb-fars sözləri ilə işlənərək, tərkib əmələ gətirir. Məsələn, namaz qılmaq və s.

Nəmazı qaşı mehrabında qıldum,

Çü anda oxıdum səbi məsanı [8, s.34]

Arxaizm nümunələrinə həm yerli, həm də xarici ədəbiyyatda geniş yer verilmişdir. Türk dünyasının qədim dastanlarından olan “Kitabi Dədə Qorqud” dastanından tutmuş, müxtəlif əsrlərdə yaşayan yazıçı və şairlərimizin əsərlərində müxtəlif arxaizmlərin istifadə edildiyinin şahidi oluruq. Dastanda tez-tez qarşımıza çıxan yağmalamaq” (talan etmək, qarət etmək), “ağır” (qiymətli, zəngin, böyük), “ala” (uca, böyük), “yəxni” (xörək, qovurma) sözlərini yerli ədəbiyyatda rast gəlinən arxaizmlərə nümunə göstərə bilərik. [2, s.67]

Xarici ədəbiyyatda da arxaizmlərə rast gəlmək mümkündür. Xüsusilə ötən əsrlərdə qələmə alınmış əsərlərdə, yaxud yazıçı tərəfindən dövrün keçən əsrlərinə dair roman, hekayə və s. yazıldığı zaman kifayət qədər arxaizm nümunələrinin istifadə olunduğunun şahidi ola bilərik.

Xarici ədəbiyyatlara nəzərə saldıqda, öz əsərlərində arxaizm nümunələrinə geniş yer verən Valter Skottun əsərlərini qeyd etməmək olmaz.

Şotlandiya mənşəli Valter Skott 15 avqust 1771-ci il tarixində Edinburqda anadan olmuşdur, o, həm də vəkil, şair, yazıçı, tarixçi olmaqla yanaşı, tarixi roman janrının əsasını qoymuşdur. O, yaradıcılığı boyu Şotlandiya, İngiltərə, bütövlükdə isə Avropa tarixinə dair romanlar qələmə almışdır. “Ayvənhəu” romanı isə müəllifin birinci tarixi romanı olmuş və ona böyük şöhrət gətirmişdir. İlk dəfə 1819–cu ilin dekabr ayında nəşr olunan “Ayvənhəu” romanında təsvir olunan hadisələr XII əsrin sonlarında baş verir. Məhz bu səbəbdən əsərin demək olar ki, bütün hissələrində xeyli sayda arxaizmlərdən istifadə olunmuşdur:

“...Repent, my daughter, confess thy witchcrafts, turn the from thine evil faith, embrace this holy emblem, and all shall yet be well with the here and hereafter. In some sisterhood of the strictest order shalt thou have time for prayer and fitting penance, and that repentance not to be repented of. This do and live: what was the law of Moses done for the that thou shouldest die for it?...” [14, s.370]

Bu hissəni Qılıncxan Bayramov dilimizə aşağıdakı kimi tərcümə etmişdir:

“...Tövbə elə, qızım, cadugərliyini etiraf elə, öz yanlış, saxta dilindən əl çək, bu müqəddəs  xaçı öp, onu ağuşuna al, bu dünyada  da, o dünyada da sənin üçün hər şey yaxşı olacaq, çünki tövbə ediləsi şey tövbə edilməməlidir. Dediyimi elə və yaşa. Axı Musanın dini sənin üçün nə edib ki, onun üçün öləsən?...”[10, s.410]

 Əsərdən nümunə gətirdiyimiz bu hissədə bir neçə köməkçi fellərin və əvəzlərin arxaik versiyalarından istifadə olunmuşdur. Bu sözlərə misal olaraq,

Ø thine – “your/yours” əvəzliyinin arxaik forması

Ø thee – “you” əvəzliyinin arxaik forması

Ø shalt – “shall” köməkçi felinin (II şəxsin təki) arxaik forması

Ø thou – “you” (II şəxsin təki) əvəzliyinin arxaik forması

Ø thy – “your” əvəzliyinin arxaik forması

Ø shouldest – “shall” modal feilinin (II şəxsin təki) arxaik formasını

göstərə bilərik. Nümunə gətirdiyimiz bu arxaizmlər dilimizə ekvivalent tərcümə üsulu ilə çevrilmişdir.

Digər bir nümunəyə nəzər salaq:

“...A monk there was, a fayre for the maistrie, An outrider that loved venerie; A manly man, to be an abbot able, fully many a daintie horse had he in stable, and whan he rode, men might his bridle hear Gingeling in a whistling wind as clear, And eke as loud, as doth the chapell bell, There as this lord was keeper of the cell..” [14, s.10]

Q. Bayramov tərəfindən tərcümə edilmiş hissəyə nəzər salaq:

“…Bir rahib vardı, monastır müfəttişi idi, Gözəl at sürən idi; ovu, bir də Allaha ibadəti sevərdi…Çox gözəl insandı bu rahib, Tövləsində çox tərifli atlar vardı; Hətta külək vıyıldasa da, Atını sürəndə cilovunun səsi uzaqdan aydınca eşidilərdi; Bu kilsənin də keşişi özü idi…” [10,s.20]

German dillər qrupuna məxsus digər dillərdə, məsələn alman dilində sözlər təyinedici sözlə birlikdə işləndikdə həmin sözün cinsinə və sonluğuna uyğun şəkilçi qəbul edir. Məsələn, “die einfache Aufgabe” – “asan tapşırıq”. Əslində bu nümunədə sifət vəzifəsindəki sözün lüğəvi forması “einfach”-dır. Lakin təyin etdiyi söz qadın cinsində olduğu üçün və söz də ona uyğun olaraq “e” sonluğunu qəbul etmişdir.

Müasir ingilis dili qrammatikasında isə isimlər təyinedici sözlərlə istifadə olunduğunda sözdə heç bir dəyişiklik baş vermir. Lakin ötən əsrlərə məxsus romanlarda, hekayələrdə və digər yazı nümunələrində tez-tez bu hallarla qarşılaşmaq olar:

Əsərin bu hissəsində istifadə edilmiş arxaizm nümunələrinə nəzər saldıqda, maraqlı bir məqama rast gəlirik. Belə ki, bu hissədə istifadə olunmuş “daintie” sözü əslində “dainty” sözünün keçmiş İngilis qrammatikasında işlədilmiş versiyasıdır. Bu sözün tərcüməsi “gözəl”, “zərif”, “incə” deməkdir. Tərcümə zamanı da sözün bu mənasına oxşar ifadədən istifadə edilmişdir – “çox tərifli atlar”, lakin məxəz mətnə fikir verdikdə görmüş olarıq ki, bu söz “dainty” yox “daintie” formasında istifadə edilib. Bunun isə səbəbi isə “dainty” sözünün təyin funksiyasında işlənməsi və təyin etdiyi sözə – “horse” sözünə uyğun şəkilçi sonluğu qəbul etməsidir: “daintie horse

Eyni zamanda,

“... A monk there was, a fayre for the maistrie,

An outrider that loved venerie...”

misralarında da rast gəlmək mümkündür. Belə ki, “maistrie” sözü “mastery” sözünün arxaik formasıdır. Eləcə də “venerie” sözü isə “venery” sözünün keçmiş İngilis dilində istifadə olunan formasıdır. Cefri Çoserin “Kenterberi nağılları”nda rahib özünü “Ovçu, zəhmətkeşliyi sevən biri” kimi təsvir edir, bununla o, ovçuluğu sevdiyini nəzərdə tuturdu. “Veneriya” sözü isə “çöl donuzu, dovşan, canavar, ayı və xüsusən də maral” kimi ov heyvanlarına aid termindir və orta əsrlər İngiltərəsinə aiddir və 1066-cı il fəthindən sonra Norman kralları və zadəganları tərəfindən qurulan kral meşələri ilə əlaqədar istifadə edilən sözdür. Göründüyü kimi, bu iki söz misrada uyğunluq təşkil etsin deyə “venery” sözü dəyişdirilərək “venerie” kimi istifadə edilib.

Bu iki misrada rast gəlinən bütün arxaizmlər - “doth” –“etmək”, “fayre”- “gözəl”, “maistrie” – “monastır”, “daintie” – “tərifli, gözəl, zərif”, “eke” – “uzaqdan”, “venerie” – “ovçuluq”, “chapell” – “kilsə zəngi” ekvivalent tərcümə üsulu ilə dilimizə transformasiya edilmişdir.

 

Ədəbiyyat:

Azərbaycan dilində:

1.     A. Bayramov, Z. Məhərrəmov, M. İsgəndərzadə, Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2015

2.     A.S. Məmmədova, Kitabi-Dədə Qorqud” motivli əsərlərdə arxaizmlərin üslübi xüsusiyyətləri, Bakı Dövlət Universiteti, 2009

3.     Afad Qurbanov, Müasir Azərbaycan ədəbi dili, I cild, Bakı, 2019.

4.     Afad Qurbanov, Müasir Azərbaycan ədəbi dilinə dair praktikum, II cild, Bakı, 2019

5.     Dialektizm anlayışı və bəzi dialektizmlər haqqında, Bakı, 2005

6.     Qılıncxan Bayramov, Tərcümə sənəti, Bakı, 2008

7.     Misir Səfərov, Azərbaycan dili məsələləri, Bakı, 2016.

8.     Nəriman Seyidəliyev, Afad Qurbanov və Ümumi dilçilik, Bakı, 2019

9.     Sevinc Abdulxalıkova, Şeyx İbrahim Gülşəni Bərdəinin Türk Divanında Arxaizmlər, Bakı, 2019

10. Səlim Cəfərov, Müasir Azərbaycan dili, İkinci hissə, üçüncü nəşr Bakı, 2007

11.  Valter Skott, Ayvənhəu, Şərq-Qərb, Bakı, 2013

                                                              

İngilis dilində:

12.  Cardiff Corvey, Archaisms in “The rime of the Ancient Mariner”, Cardiff University Press, 2012

13.  Michael Herzfeld, Subversive Archaism, University Press, 2021

14.  Newmark, Peter. A Textbook of Translation. London/New York: Prentice Hall, 1988

15.  Sir Walter Scott, Ivanhoe, New York, Thomas Y. Crowell & Co, 1817

16.  Smh Smitha N, P.P. John, History of English Language, MA English 2019


Previous Post Next Post